“Təhlükəsiz Azərbaycan” Azərbaycan Respublikası üçün kibertəhlükəsizlik, geosiyasi, informasiya, iqtisadi inkişaf sahələrində təhdid təşkil edən məsələlərin araşdırılması və bu istiqamətdə əldə olununan məlumatların ictimaiyyətlə paylaşılması məqsədi güdür.
SSRİ-nin süqutundan sonra ABŞ yeganə fövqəldövlət kimi qaldı. Bu isə öz növbəsində ABŞ-nin realist siyasətdən liberal siyasətə keçidinə yol açdı. Lakin bu dövr bir sıra ciddi geosiyasi fiaskolarla yadda qaldı. ABŞ-nin 2001-ci ildən başladığı Əfqanıstan əməliyyatı 20 ildən sonra Talibanın yenidən hakimiyyətə qayıtması ilə nəticələndi. 2003-cü ildə İraqa kütləvi qırğın silahları bəhanəsi ilə edilən müdaxilə isə ölkədə uzunmüddətli xaos və sektarian münaqişələrin yaranmasına səbəb oldu. Suriyada rejim dəyişikliyi məqsədilə aparılan siyasət effektiv olmadı və böyük humanitar problemlərə yol açdı. Liviyada NATO müdaxiləsindən sonra dövlət strukturları dağıldı, ölkə vətəndaş müharibəsi və qeyri-sabitlik girdabına düşdü. Bütün bu hadisələr liberal müdaxilə siyasətinin regionlarda sabitlik gətirmək əvəzinə daha dərin problemlər yaratdığını göstərdi. Təqribən 26 il davam edən bu dövr Çin Xalq Respublikasının yeni güc mərkəzi kimi yüksəlişi ilə sona çatdı və beynəlxalq münasibətlərdə realist (və ya neorealist) yanaşma yenidən ön plana çıxdı.
Realist (ya da ofensiv realist) yanaşmaya əsasən, dövlətlər digər dövlətlərin niyyətlərini tam dəqiqliklə müəyyən edə bilmədikləri üçün daim təhlükələri analiz edərək digər ölkələrlə müqayisədə güc balansını qorumalıdırlar – məsələn, hərbi potensialı artırmaq, strateji koalisiyalar qurmaq və ya iqtisadi dayanıqlılığı gücləndirmək.
Azərbaycan da yeni nizamda milli maraqlara uyğun optimal siyasəti seçir. Lakin, bu nizamın anarxik və hücuma meyilli aktyorları ölkəmizi müxtəlif sahələrdə təhlükələrlə üz-üzə qoyur:
- Kibertəhlükəsizlik – Dövlət əhəmiyyətli resurslara, data mərkəzlərinə və geniş istifadəçi bazasına sahib sistemlərə qarşı kiberhücumlar;
- Geosiyasət – Regionda dominant mövqedə olan ölkələrin siyasi təsir göstərmək cəhdləri;
- Media – Xarici və yerli informasiya vasitələri vasitəsilə ölkə haqqında qərəzli və məqsədli mənfi rəy formalaşdırmaq;
- Sosial media – Trol fermaları (“troll farms”) və saxta hesablarla sosial mediada fikir ayrılıqları yaratmaq və ictimai düşüncəyə təsir etmək;
- İqtisadi inkişaf – İstehsal, kənd təsərrüfatı və maliyyə sahəsində aparılan islahatlara müdaxilə edərək daxili iqtisadi inkişaf prosesini ləngitmək və qeyri-sabitlik yaratmaq.
Bu sahələrdə tədqiqatların həyata keçirilməsi və faktların ictimaiyyətlə paylaşılması əhalinin sadalanan sahələr üzrə təhlükələrdən xəbərdar olması və mürəkkəb manipulasiyaların qurbanı olmaması baxımından mühüm əhəmiyyət kəsb edir.
“Təhlükəsiz Azərbaycan” təşəbbüsü təhlükəsizlik məsələlərinə kompleks və çoxşaxəli yanaşma gətirərək, ölkənin milli təhlükəsizlik strategiyasına müasir dövrün tələblərinə uyğun dəstək verməyi qarşısına məqsəd qoyur.